Dünən, Beynəlxalq qadınlar günündə Yuğ dövlət teatrının aktrisası və Focus theatre groupun rəhbəri İlahə Məmmədzadə həmsöhbətimiz oldu. İlahə xanım ilk olaraq qadınlarımıza təbriklərini ünvanladı.

Bu gün bizim günümüzdür. Hər il bu günü çox böyük bir sevinclə qeyd edirəm. Başda anam olmaqla, bütün xanım həmkarlarımı, Sabunçu gənclər evi və Bakı Gənclər mərkəzinin rəhbəri Rəvanə xanım Həşimovanı, Focus theatre groupun üzvləri olan xanımları ürəkdən təbrik edirəm. İlin hər günü sizin üçün bayram olsun. Daim ũzünüz gülsün. Hər şey ürəyinizcə olsun.
Sabunçu gənclər evinin Focus teatr truppası 3 mart Bakı Gənclər mərkəzində Susma! adlı gender bərabərliyi mövzusunda hazırlanmış tamaşalarını təhvil verdilər. Baş tutan tamaşa ilə bağlı daha ətraflı, müsahibimiz məlumat verdi.

Ötən həftə artıq bir neçə aydan bəri üzərində çalışdığımız Susma! adlı tamaşanı təhvil verdik. Çox gözəl və yadda qalan bir premyera oldu. Şəxsi təcrübəmdən deyə deyə bilərəm ki,hər premyera olduqca həyəcanlı və eyni zamanda xoş məqamlarla yadda qalır. Bizim truppamızın üzvləri üçün də belə oldu. Tamaşaçılardan çox maraqlı fikirlər eşitdik. Nümayişdən sonra bir çoxu yaxınlaşıb mənimlə və iştirakçılarla təəssüratlarını bölüşdülər.Hər birinə teatr sənətinə verdikləri dəyər üçün minnətdaram.
Tamaşada kolge oyunu ilə yanaşı çox maraqlı hekayələr izlədik. Ssenari müəllifi olaraq bu həyat hekayələri barədə fikirlərinizi öyrənmək istərdik.
Mən ilk əvvəl bu mövzuda yazılmış pyeslər axtarışında idim. Lakin sonda özüm bir ssenari yazmağa qərar verdim. Beləcə altı müxtəlif ölkənin qadınlarının çətin, keşməkeşli, mübarizə ilə dolu həyatlarından bəhs edən hekayələr yazdım. Hər birini qələmə alarkən qəhrəmanlarla birgə üzüldüm,əzab çəkdim, mübarizə aparmağın vacibliyini bir daha anladım və nə olursa olsun bu hekayələri ən qısa zamanda truppamızın üzvlərinin ifasında tamaşaçılara çatdırmağa tələsdim. Azərbaycan, Belarusiya, Əfqanıstan, Polşa, Almaniya, Amerika kimi ölkələrin nümayəndəsi olan qadınların həyat hekayələri və mübarizə əzmləri hər birimiz üçün nümunə olmalıdır. Tamaşada təkcə qadınların deyil aktyorumuz Əli Məliklinin ifasında hüquqları pozulan, bəzən qərar vermə haqqı kobud şəkildə əllərindən alınan əks cinsin yeniyetmə nümayəndələrinin də problemlərinə işıq salmağa çalışdıq. Biz bir olmalıyıq və əl ələ verib hüquqlarımızın müdafiəsi naminə çalışmalıyıq. Cəmiyyətdə rastlaşdığımız hüquq pozuntularına qarşı səsimizi ucaltmalı və toplumun inkişafında müstəsna rola malik olan qadınlarımızın haqqlarını tanımalıyıq. İnsanlıq naminə…

Bu tamaşa izləyicilər tərəfindən çox böyük bir maraqla qarşılandı. Tamaşanı digər sənət mərkəzlərində yenidən oynamağı düşünürsünüzmü?
Sözsüz ki. Bu layihəni hazırlayanda əsas məqsədim də elə bu idi. Premyeramızı bizim üçün əziz olan, Bakı Gənclər mərkəzində keçirdik. Daha sonra isə paytaxtımızın və bölgələrimizin sənət ocaqlarında tamaşamızla izləyicilərimizin görüşünə gəlməyi arzulayırıq. Bu mövzuda olan tamaşa mütləq şəkildə özündə daşıdığı dərin, faydalı mənaya görə daha geniş auditoriyaya təqdim olunmalıdır. Biz bütün qastrol səfərləri üçün dəvətlərə açığıq.

Yeni bir layihə üzərində çalışmağı düşünürsünüzmü?
Bəli,artıq ssenari üzərində çalışıram. Mövzunu hələ açıqlamasam belə, kifayət qədər maraqlı bir layihə olacağına əminəm. Bizim truppa olaraq əsas məqsədimiz, cəmiyyət üçün faydalı ola biləcək işlərə imza atmaqdır. Yeni layihəmiz də belə olacaq. Paralel olaraq istedadlı gənclərimizlə birlikdə mono tamaşalar da hazırlamağı planlaşdırıram. Hazırda onlar üçün pyeslər axtarışındayam.

İştirakçılar barədə truppanın rəhbərinin öz dilindən eşitmək bizim üçün daha maraqlı olar. Buyurun.
Aktyorlarımızın hər biri Səma Məstəliyeva, Dinara Fərzullayeva, Əli Məlikli, Günay Əliyeva, Kənan Fərzəli, Xumar Kərimli, Aytac Xaliqqızı, Fəridə Əliyeva, Elcan Hüseynov son dərəcə istedadlı, məsuliyyətli, öz üzərlərində işləməyə, inkişafa maraqlı olan gənclərdir Onlarla fəxr edirəm. Sosial şəbəkələrdə olan səhifələrimizdə də fotolarımızı paylaşarkən qeyd etmişdim. Mənim nəzərimdə onların hər biri günəşdir. Məsuliyyətlə yanaşıb,öz üzərlərində işlədikcə incəsənətin üfüqlərində daim parlayacaqlar. Çünki istedadla paralel əzmkarlıq, çalışqanlıq önəmlidir. Bu tək incəsənət üçün yox,hər sahə üçün keçərlidir. Onlara güvənirəm və uğurlar arzulayıram.

Truppanıza yeni ũzvlər qəbul edəcəksinizmi?
Təbii ki. Artıq müraciət edənlər də var. Bu truppa teatra dəyər verən, incəsənəti sevən gəncləri öz ətrafında toplamağa hər zaman hazırdır. Yetər ki, gənclərimizdə istək olsun.
Sonda saytımız adından sizi, Sabunçu Gənclər evinin rəhbərliyi və əməkdaşlarını, truppanızın üzvləri olan xanımları ürəkdən təbrik edirik. Maraqlı həmsöhbət olduğunuz üçün sizə. təşəkkür edirik. Dolğun fəaliyyətinizdə sizə uğurlar arzu edirik.
Truppamıza olan diqqət və qayğınız üçün üzvlərimiz adından mən sizə minnətdaram.



