SƏNƏT İLƏ SİLAHLANMIŞ QADIN

Saytımızın növbəti qonağı Yuğ dövlət teatrının gənc və istedadlı aktrisası, Focus theatre groupunun  rəhbəri və rejissoru  İlahə Məmmədzadədir.Gənc  akrtisa və rejissor İlahə Sabunçu gənclər evinin nəzdində yaratdığı Focus theatre groupun fəaliyyətindən və  premyerasına hazırlaşdıqları qadına şiddət mövzusuna həsr olunan “Susma” adlı tamaşadan danışıb.

Niyə Focus?

İlk işimiz cəmiyyətdə aktual mövzu olan  gender bərabərsizliyi  haqqındadır.  Qrupumuza ad düşünərkən müəyyən bir  zaman keçdi. Sonra bu adı seçdim.Teatr qrupumuzla öncə bu məsələyə fokuslandıq. Çünki məhz bir problemə fokuslanmaqla onu həll edib,aradan qaldırmağa nail olmaq olar. Qarşıda fərqli sosial problemlərə yer ayırmağı  planlayırıq. “Susmanın sseanarisi mənə məxsusdur. Burada tamaşaçılar fərqli ölkələrdən olan,müxtəlif problemlər yaşayan qadınların üzləşdikləri haqsızlardan bəhs edən hekayələri izləmiş olacaqlar. Tamaşamız martın 3-ü Bakı Gənclər Mərkəzində nümayiş olunacaq.

Bəs ilk tamaşanız sevgi  mövzusunda olsaydı  sizcə bu uğursuz başlanğıc olardı?

Xeyr, bu sadəcə bizim prioritetimiz deyil.Səhv anlamayın mən bu mövzunun əleyhinə deyiləm. Sevgi təkamüldə insanı inkişafa aparan ən gözəl və təsirli vasitədir. Lakin teatr qrupu olaraq bizim məqsədimiz  cəmiyyətdə yaşanan problem və naqislikləri sənət vasitəsilə izləyicilərə çatdırmaq və bu yolla onların qismən də olsa həllinə nail olmaqdır. Axı biz gündən günə vəziyyətin daha  da qəlizləşdiyi bir dünyada  günün iyirmi dörd saatını sevgi,eyş işrət barədə düşünərək,xəyallar aləmində yaşaya bilmərik.  Yaşananların fərqində olmalıyıq ki,həllinə bir fərd kimi öz töhfəmizi verə bilək.

Sizcə sadaladığınız bu çatışmazlıqları sənət vasitəsilə həll etmək və nəticə əldə etmək mümkündürmü?

Mən mümkünlüyünə inanıram. Yaşananlara laqeyd qala bilmirəm. Çünki mən də bu toplumun bir parçasıyam. Baş alıb gedən haqsızlıqlara,pozulan insan hüquqlarına,qadınlara tətbiq olunan şiddətə,təcavüzə,yeniyetmə qızların təhsil hüquqlarının əllərindən alınaraq erkən nigaha məcbur edilməsinə,həmyaşıdlarımın ailədə söz və qərar qəbul etmə hüquqlarından məhrum olunmasına,15 yaşlı yeniyetmənin 65 yaşlı qadına təcavüz edərək onu amansızlıqla qətlə yetirməsinə  göz yumaraq yaşaya bilmirəm. İnsan,düşünən beyin deməkdir. Əgər bunlar barədə düşünüb,bir şeylər etməyə çalışmadan yaşamağı seçsəm başqa canlılardan nə fərqim olar?Mən sənətçiyəm və sənətlə silahlanmışam. Başqa cür bacarmıram. “Susma”tamaşasında iştirak edən bütün iştirakçılar adından bizə tamaşamızın ərsəyə gəlməsində əlindən gələn dəstəyi göstərən Sabunçu gənclər evinin və Bakı Gənclər mərkəzinin direktoru Rəvanə xanım Həşimovaya minnətdaram. Tamaşamızın, yenicə fəaliyyətə başlayan Bakı gənclər mərkəzində nümayiş olunacağına da çox şadam. Gənclər evinin tərkibində fəaliyyət göstərən truppamız gələcəyə çox ümidlidir. Burada incəsənəti,teatrı sevən gənclər toplanıb. Onların arasında yalnız biri rəfiqəm Xumar Kərimli incəsənət sahəsində təhsil alıb. Digərləri isə müxtəlif təhsil mərkəzlərinin tələbə və məzunlarıdır. Səma Məstəliyeva,Dinara Fərzullayeva,Xumar Kərimli,Elcan Hüseynov,Fəridə Əliyeva,Aytac Məmişova,Əli Məlikli,Günay Əliyeva,Kənan Fərzəliyev  truppamızın üzvləri olan gənc istedadlardır.  Yaxın zamanda “Susma” tamaşamızı təhvil verdikdən sonra yeni bir layihənin icrasına başlayacağıq. Bu barədə  növbəti həftələrdə Focus theatre groupun sosial şəbəkələrdə olan hesablarından ətraflı məlumat ala biləcəksiniz. Ümumiyyətlə biz “Susma” tamaşasını təkcə paytaxtımızda deyil,bölgələrimizdə də yeniyetmə və gənc teatr sevərlərə təqdim etmək istəyirik. Təkliflərə açığıq və əməkdaşlığa hazırıq.

Yeni layihələrdə yalnız hazırda çalışdığınız komanda ilə işləyəcəksiniz?

Həm onların bir qismi həm də yeni qoşulacaq gənclərlə. Çünki yeni layihələr və fərqli insanlarla iş birliyi mənim üçün önəmlidir. Çünki beləcə daha çox düşünən beyinlə tanış olmaq imkanı qazanmiş oluram. Və onların hər birini müşahidə etmək də əla fürsətdir.

Çoxsağolun fəaliyyətinizdə uğurlar.

Truppamıza olan diqqətiniz üçün siz sağolun.

Fb Focus theatre group 
İnsta Focus theatre group
en_USEnglish